MANİLA, FİLİPİN (29 yanvar 2024-cü il) — Asiya İnkişaf Bankı (AİB) Azərbaycan valyutasında gender yönümlü ikinci istiqrazının emissiyası üçün 19,5 milyon Azərbaycan manatı (~11,5 milyon dollar) cəlb edib.

Emissiya valyutaya bağlı 3 illik istiqraz şəklində strukturlaşdırılıb. Amortizasiya fondu qadınların və kənd təsərrüfatı işçilərinin kreditə çıxış imkanlarını genişləndirməyi nəzərdə tutan baza kreditin amortizasiya şərtlərini əks etdirəcək.

İstiqraz Azərbaycan manatı ilə ifadə edilsə də, ABŞ dolları ilə hesablanır. Bu da beynəlxalq investorlar üçün daha cəlb edicidir.

İstiqrazların kupon ödənişi yarımildə 1 dəfə olmaqla illik 6,5 % olacaq. Qiymətli kağızlar Lüksemburq Fond Birjasında yerləşdirilib, “Merrill Lynch International” şirkəti tərəfindən təşkil edilib və vahid avropalı investor tərəfindən alınıb.

AİB Xəzinədar köməkçisi Maria Lomotan bildirib ki, “Beynəlxalq investorların yerli valyuta istiqrazlarına tələbatı AİB-in inkişaf etməkdə olan üzv ölkələrində yerli valyuta əməliyyatları üçün maliyyə resurslarını səfərbər etməsində əsas rol oynayır. Çünki biz kredit portfelimizdə valyuta tərkibini genişləndirməyə çalışırıq”.

Bu, AİB-in Azərbaycan manatı ilə buraxdığı sayca üçüncü istiqrazdır. Bankın 2024-cü ildə yerli valyutada buraxdığı ilk istiqrazıdır. AİB 2023-cü ildə Azərbaycan manatı, Çin renminbisi, Gürcüstan larisi, Qazaxıstan tengesi və Monqolustan toqroqu da daxil olmaqla 12 yerli valyutada istiqraz buraxıb.

AİB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir. AİB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.

Media Contact